Disk və təkərləri necə düzgün seçmək lazımdır?
Təkər və disklər müasir avtomobilin vacib elementlərindən biri olmaqla yanaşı, həm idarəetmə rahatlığını, həm də təhlükəsizliyi təmin edir. Bu səbəbdən də, təkər və disk seçiminə xüsusi diqqətlə yanaşmaq lazımdır. Bu işi sizin üçün yüngülləşdirmək üçün disk və təkərlərin seçilməsi ilə bağlı bütün qaydaları və nüansları, eləcə də onların müxtəlif birləşmələrinin incəliklərini bir araya topladıq. Ən sadəsindən başlayaq. Yeni disk və təkər almağı planlaşdırırsınızsa mütləq avtomobilinizin təlimat kitabçasına nəzarət yetirin. Belə ki, istehsalçı şirkət bu kitabçada təkər və disklərə icazə verilən ölçülər barədə lazımi məlumatları qeyd edib. Xüsusilə də təcrübəsiz sürücülərə istehsalçının tövsiyyələrindən yayınmaq qətiyyətlə tövsiyyə edilmir.
Çünki lazımi ölçülərə uyğun olmayan disklər və təkərlər ən azı asqının və təkərlərin özlərinin daha sürətli aşınmasına gətirib çıxara bilər. Maksimum dərəcədə isə avtomobilin fəaliyyətinin qəfil pisləşməsinə, bu isə özlüyündə yanacaq sərfiyyatının artmasına, idarəetmə keyfiyyətinin enməsinə və hətta yolda qəzaya belə səbəb ola bilər.
Təkər və disk seçməzdən əvvəl onların üzərindəki nişanələri anlamaq mütləqdir. Disklər bir qayda olaraq “R13 4×98 ET35 J5 D58.6” şəklində işarələnir. Burada R13 diskin diametri (düymlə), 4×98 montaj dəliklərinin sayı və onların mərkəzlərinin diametri (millimetrlə), ET35 – çənbərin simmetriya müstəvisindən diskin montaj müstəvisinə qədər olan məsafə (mm-lə), J5 – diskin çənbərinin eni (düymlə), D58.6 mərkəzi qovşaq diametridir. Təkərlər isə öz növbəsində “235/70 R16 105H” tipli işarələnir. Burada isə R16 rezinin nəzərdə tutulduğu diskin diametri, 235 təkərin eni (mm-lə), 70 təkərin eninin və profilinin hündürlüyü ilə nisbəti, 105H isə icazə verilən yük və sürət indeksləridir.